Bu gün sizə "Elə indi bu dəqiqə incəsənətlə məşğul olaq!" çağırışı haqda danışacam. Adətən bu mövzuda danışmağa başlayanda insanlar təşvişə düşür, bu ideyaya qarşı çıxırlar. "İncəsənətlə qarın doymur, işimin bu qədər çox vaxtında nə incəsənət? Məktəbə də gedirəm axı, hələ iş də tapmalıyam. İşim çoxdur, axı uşaqları kursa da yazdırmaq lazımdı. Görüləsi bu qədər işin arasında elə bir incəsənətlə məşğul olmağım çatışmır." deyə fikirləşirlər. İncəsənətlə məşğul olamamaq üçün o dəqiqə yüzlərlə bəhanə uydururuq. Sizə də elə gəlmir? İncəsənətlə məşğul olmamaq üçün çoxlu səbəblər tapırıq, niyə məşğul olmalı olduğumuzdan isə əmin deyilik. İncəsənətlə məşğul olmamaq üçün bəhanələrimiz həddindən artıq çox, olmaq səbəbimiz isə yoxdur. Görəsən nəyə görə heç kəs artist olmaq haqda danışmaq istəmir? Bəlkə də bu insanların çoxu artist olmaq üçün xüsusi istedada malik olmağın, yaxud xüsusi təhsilin lazım olduğunu düşündüyünə görədir. Burada əyləşən insanların çoxu da, artist olmaq üçün yaşlarının keçdiyini düşünə bilərlər. Çox adam bu cür düşünsə də, mən bu fikirlərlərlə razılaşmıram. Və niyə razılaşmadığım haqda danışmaq istəyirəm. Birincisi, biz hamımız sənətçi olaraq dünyaya gəlirik. Yəqin ki evdə uşağı olanlar bilər. Uşaqların bütün hərəkətləri incəsənətdir. Divara rəngli karandaşla şəkil çəkmək, televizorda musiqi səslənən kimi özlərinin kəşf etdiyi rəqsləri ifa etmək kimi hərəkətlərin hamısı. Qəribə rəqs və mahnıları ilə hamını bezdirirlər. Ancaq öz uşağı olduğuna görə "artistliklərinə" dözən ev sakinləri də tez-tez uşaqların yorucu olduğundan şikayətlənirlər. Evin içində öz-özlərinə oynamaqlarını da incəsənət sahəsi - mono-tamaşa adlandırmaq olar. Bəzi uşaqlar da azca böyüyən kimi yalan danışmağa başlayırlar. Analar xüsusilə uşaqlarının ilk yalan danışdığı anı yaxşı xatırlayır, elə də xoş qarşılamırlar. "Axır ki uşağın əsl üzünü gördük, hə!" "Atan kimi yalan danışa-danışa axırın necə olacaq?" Deyinərək, uşaqları tənbeh edirlər. Əslində isə uşaqların yalan danışmağa başlaması bədii ədəbiyyata başlaması deməkdir. (Gülüş) Bu, gözlə görə bilmədikləri şeylər haqda danışmaqlarıdır. Qeyri-adi, bir o qədər də sevindirici haldır. Valideyinlər həmin anı bayram etməlidirlər. (Gülüş) (Alqış) "Bizim uşaq da axır ki yalan danışmağa başladı!" - deyib bayram etməlidirlər. Misal üçün uşaqları "Ana, bugün bağçadan evə gələndə yadplanetli gördüm!" deyəndə analar, "Boş-boş danışma." deyib tənbeh edirlər. Ancaq ideal valideyn belə cavab verməlidir: "Hə? Yadplanetli? Nəyə oxşuyurdu? Sənə nəsə dedi? Harda gördün?" "Mağazanın qabağında?" Uşaqlarla belə söhbət etməyə davam edəndə uşaqlar əvvəl elə-belə dedikləri yalanın davamını gətirməyə məcbur olurlar. Beləcə söhbət uzanıb hekayəyə çevrilir. Bir az primitiv hekayə olsa da, bir cümləni əsas götürüb başqa cümlə yaratmaq, bütün əsl yazıçıların da yazı üsuludur. Mahiyyətcə hər ikisi eyni işdir. Rolan Bart bir dəfə Floberin romanı haqda belə bir fikir bildirib: "Flober əsər yazmayıb, sadəcə bir cümləni digərinin ardına düzüb. Floberin əsərinin məğzi isə həmin cümlələr arasındakı Erosdur." Və düz də deyib. Ədəbi əsər - birinci cümləni yazıb, o cümləyə zidd olmayan digər cümlələri yazmaqdır. Bu üsulla davam edərək bədii əsər yaranır. Bu cümləyə baxaq. (Cümlə): "Bir gün iztirablı yuxudan oyanan Qreqor Samsa, uzandığı yataqda çirkin iri böcəyə döndüyünü dərk edir." Bəli, Kafkanın "Metamorfoz" əsərinin ilk cümləsidir. Yola verməyin çətin olduğu belə bir cümlənin davamını (Gülüş) gətirə bilmək üçün də bütün bir kitab yazıb. Beləliklə müasir ədəbiyyatın şah əsəri sayılan "Metamorfoz" yaranıb. Bu cümləni yazıb, atasına göstərmiyib. Atası ilə arası elə də yaxşı deyilmiş. Özü cümlənin davamını gətirməyə çalışıb. Atasına göstərsəydi, atası yəqin, "Oğlum axır ki başını itirdi." deyərdi. Əslində incəsənət bir qədər də dəli olmağı tələb edir. İkinci addım cümlələrin davamını gətirməkdir ki, bu da uşaqların yalan danışmağından çox da fərqlənmir. Yalan danışmaq - uşaqların yaradıcılığa doğru ilk addımlarıdır. Uşaqlar bu yolla incəsənətlə məşğul olurlar. Yorulmaq bilmədən etdiklərindən də zövq alırlar. Bir neçə gün əvvəl Cecu adasında idim, Uşaqlar boş buraxılan kimi su ilə oynayırdılar, uşaqların çoxu suyu xoşlayır. Ancaq bəziləri sahildə oynayır, qumdan qala düzəldirdilər. Gah dağ, gah dəniz, dəniz yox təbii... gah adam, gah da it heykəli düzəldirdilər. Valideyinlər də hey "Dalğa gəlib hamısını yuyub aparacaq." deyib uşaqları yayındırmağa çalışırdılar. Boşuna vaxt itirmək olsa da uşaqlar buna fikir vermirdilər. Etdiklərindən zövq alırdılar. Bütün vaxtı qumun içində idilər. Belə oyunları da kimsə dediyinə görə etmirlər. İş yerində müdirin əmri də deyil, ancaq özləri üçün edirlər. Yəqin ki, hamımızın uşaqlıqda belə primitiv incəsənətdən zövq aldığımız olub. Bəzən tələbələrimə ən xoşbəxt uşaqlıq xatirəniz haqda yazın - deyirəm. Uşaqların çoxu bu primitiv sənət əsərləri haqda danışmağı sevirlər. Piano çalmağı öyrənib etdikləri ilk ifaları, məsələn. Dostu ilə birlikdə oynadığı ilk qısa səhnəcik, necə utanmaqları... Yaxud analoq kamera ilə çəkib çap etdiyi ilk şəkil... Belə yaradıcılıqlarından danışmağı sevirlər. Hamının belə anları olduğuna inanıram. Bu mərhələyə qədər incəsənət xoşbəxtlik gətirir. Bu, kiminsə əmr etdiyi iş olmadığına görədir. İş isə elə də sevinc gətirən bir peşə deyil. Fransız yazıçı Mişel Turnenin bir məhşur ifadəsi var. Bir az mübahisəli ifadə olsa da: "İş insanın təbiətinə ziddir. İş görərkən yorulmağımız da bunun sübutudur." Düz demiyib sizcə? (Gülüş) Təbiidirsə, axı insan niyə yorulur? Nə qədər gəzib kef etsək də yorulmuruq. Bütün günü olsa belə. Bircə gecə davamlı işlədikdə isə əlavə pul alırıq. Niyə? Təbii ki, çətin olduğuna görə. Uşaqlar isə zövq almaq və əylənmək üçün incəsənətlə məşğul olurlar. Şəkilləri satmaq üçün çəkmir, ailələrini dolandırmaq üçün pianino çalmırlar. Bütün uşaqlar bunu pulsuz edir - demək də düz olmaz. Bu şəxsi tanıdınız, hə? Bu, ailəsini dolandıra bilmək üçün Avropanı gəzib konsertlər vermiş Volfqanq Amadey Motsartdır. Bu uşaq isə bir neçə əsr əvvəl yaşadığından, əsas fikrimə istinad olaraq qəbul edək. Hansısa bir yaşdan sonra isə sevimli oyunumuz olan incəsənət sona çatır. Uşaqlar kursa, dərsə getməli olur, ev tapşırığı etməli, pianino, balet kimi dərslərə də getməli olurlar. Ancaq hamısı maraqsız olur. Etməli olduqları və başqaları ilə rəqabət aparmalı olduqlarına görədir. İbtidai sinifdə oxuya-oxuya evdə divarları yazsa, uşaq anası tərəfindən yaxşıca məzəmmət olunar. Ancaq bu tərəf də deyil. Yaş artıb incəsənətlə məşğul olduqda özümüz də bizi kiminsə yoxladığı hissinə qapılırıq. Yaradıcılığımız məhdudlanır, daimi hərəkətlərimizə nəzarət etməli oluruq. Bu da mənim hekayəm: 8-ci sinifdə oxuyurdum. Kyonqbuk sarayında rəsm yarışına getmişdik. Ürəkdən rəsim çəkirdim. Bu zaman müəllimim yaxınlaşıb, "Neyniyirsən sən?" soruşdu. "Ürəyimdən keçəni çəkirəm." "Bəs niyə tünd rənglər işlədirsən?" Rəsmimi ancaq tünd rənglə boyayırdım. Mən də cavab verdim, "Qaranlıq gecədə ağaca qonan qarğa çəkirəm." Müəllimim də, "Hə düz deyirsən, şəkil çəkmək bacarığın olmasa da hekayə danışmaqda yaxşısan." desəydi nə vardı ki. "Bir bura gəl." deyib (Gülüş) "Tez çıx bura!" qışqırıb "Burda sarayı, sarayın bağçasını çəkmək əvəzinə təkcə qara quş çəkirsən?" deyə-deyə mənimlə birlikdə bayıra çıxdı. Şagirdlərin içində qızlar da çox idi, bir sözlə, biabır olmuşdum. Uşaq vaxtı belə tənbeh, nəsihətlərin heç birindən nəticə çıxarmadığıma görə tez-tez danlanırdım. İdeal müəllim olsaydı, indicə dediyim kimi, "Şəkil çəkmək bacarığın olmasa da, yaxşı hekayə yaratmaq bacarığın var" deyib məni ruhlandırardı. Ancaq belə müəllimlər çox az tapılır. Sonralar universitetə başlayıb müasir Avropa muzeylərinə gedəndə, o hadisəni ədalətsizlik olaraq qəbul etdim. Orda belə şəkillər də var idi. (Gülüş) (Alqış) Mən cəza olaraq şəklim ağzımda sarayın önündə durarkən, belə şəkillər Basel kimi muzeylərdə asılır. Bax, bu adicə divar kağızına oxşayır. Sonralar öyrənirəm ki, müasir incəsənətçilər bu kimi əsərlərini mənim kimi təsvir də etmirlər. Çoxu da "adsız"dırlar (untitled). Qısası 20-ci əsr müasir incəsənət deyilən şey, qəribə bir şey düzəldib, boşluğu izah etmək və mülahizələrlə doldurmaqdan ibarətdir. Mənim səviyyəm çox aşağı da olsa, bir az daha tanınmış nümunələrə baxaq; Bu əsər Pablo Pikassonundur, velosipedin oturacağı ilə rolunu birləşdirib, "öküz başı" adlandırıb. Başqa bir nümunə; Düşan, çanağı belə yerləşdirib, "Fəvvarə" adlandırıb. Bu misallarda olduğu kimi, müasir incəsənət qəribə nə isə yaradıb, ona hekayə ilə həyat qazandırmaqdan ibarətdir. Pikasso belə deyib: "Mən gördüyümü deyil, düşündüyümü çəkirəm." Bunu o vaxt bilsəydim, bağçanı çəkməyimin şərt olmadığını müəllimə deyərdim. Bədbəxtlikdən, incəsənətin qoruyucularına qarşı qoyub, savaşmağa başlamazdan əvvəl içimizdəki yaradıcı uşaq ölür. Bu uşaq özünə qapanır, bu da bizim faciəmizdir. Bu içimizdəki yaradıcı uşaq yox olanda necə olur? Arzularımız tam da yox olmur. Özümüzü ifadə etmək, göstərmək istəyirik, ancaq içimizdəki ölü sənətkar özünü ancaq qaranlıqda göstərir. Belələri karaokedə "She is Gone", "Hotel California" oxuyur, xəlayı gitarlarını çalırlar. Çox pis oxuyurlar, həqiqətən. Bir gecəlik roker olurlar. Ya da klublarda rəqs edir, hekayə yazacaq insanların gecə səhərə qədər internetdə qaranlıq yerlərdə yazıları çıxır. Ya da uşaqlarıyla oynayarkən özü oyuna qapılan atalar var. Uşaqları ilə Leqo bloku, robot modeli düzəldirlər. (Gülüş) "Sakit otur, mən düzəldərəm."deyirlər, uşaqlar həvəsdən düşüb başqa oyuna başlasalar da, ataları təkcə qala tikir. İçimizdəki yaratmaq hissi məhdudlanır, amma yox olmur. Çox vaxt bu hiss neqativ formada, qibtə halında üzə çıxır. Bilirsiniz də, "Məni televizorda göstərsəydilər gözəl olardı." kimi mahnı var. Niyə gözəl olardı? Çünki televizorda bizim etmək, olmaq istədiyimiz, ancaq ola bilmədiyimiz adamlar çox olur. Mahnı oxuyur, rəqs edir, rollar ifa edir və buna görə alqışlanırlar da. Buna görə də, onlara qibtə edirik. Pultu götürüb, deyinməyə başlayırıq. "Buna aktyorluq deyirsən? Belə oxumaq olar? Səsi yoxdu bunun." Belə ifadələr işlədirik. İçimizdəki qısqanclıq bəd əməlimiz deyil, mənim fikrimcə, içimizdə qapalı qalmış yaradıcı uşağın varlığındandır. Bəs nə etməli? İndi deyim: Bu dəqiqə öz yaradıcılığımızı işə salmalıyıq. Televizoru söndürüb, internetdən çıxıb, nəyəsə başlamaq lazımdır. Teatr məktəbində dərs deyərkən mən keçməsəm də teatr elmi adlı bir dərs var idi. Bu dərsi götürən hər tələbə bir pyes hazırlamalı idi. Ancaq yaxşı rol ifa etmək bacarığı olana rol verilmirdi. O, misal üçün, dramaturq olurdu. Dramaturq olaraq məktəbə başlayana isə səhnə dekorasiyası tapşırılır, birlikdə tamaşa ərsəyə gəlirdi. Əvvəl tələbələr edə biləcəklərindən əmin olmasalar da, vaxt keçdikcə bu işi sevirdilər. Tamaşa tapşırığını sevməyən adam demək olar görməmişəm. Məktəb, ordu, hətta dispanserlərdə də bu tapşırıq sevinclə qarşılanır. Əsgərlikdə olarkən, ondan sonra da bir neçə yerdə buna şahid olmuşam. Mənim başıma da belə bir iş gəlib: Yazıçılıq dərsində tələbələrə bir tapşırıq vermişdim. Tələbələrin çoxunun ixtisası yazıçılıq deyildi. Ən çox rəssam ya da musiqi ixtisaslı tələbələr var idi. Yazıçılıqda özlərinə inamları isə yox idi. Buna görə, ağ kağızı paylayıb belə tapşırıq verdim: Asan bir mövzuda, məsələn, uşaqlıqda ən pis xatirəniz haqda yazın - deyirdim. Ancaq dəli kimi yazın deyirdim, ağlınıza gələni. Partaların arası ilə gəzir, onları ruhlandırırdım, "Tez olun, yazın." Bir-iki saat beləcə yazırdılar. Əvvəl 5 dəqiqə fikirləşib sonra hey yazırdılar. Belə dəli kimi yazmalarını istəməkdə səbəbim, yavaş-yavaş yazanda çox fikirləşmələridir, artistin şeytan üzü ortaya çıxır. Bu şeytan yazmamağımız üçün yüzlərlə səbəb ortaya atır, bizə "Başqalarınə gülüş yeri olacaqsan. Bu yazdığın yazı deyil. Cümlədi bu? Xəttinə bax!" kimi şeylər deyir. Bu şeytan bizə çatmamış tez-tez yazmalıyıq. Gördüyüm ən yaxşı yazılar, vaxt azadlığı verdiyim tapşırıqların içindən deyil, 40 dəqiqə ya bir saat içində qarşımda əyləşib qələmlə yazılmış yazıların içindən çıxırdı. Uşaqlar trans halında olurlar. 30-40 dəqiqədən sonra nə yazdıqlarını bilmirlər. Bu anlarda arxalarınca düşən şeytan onlardan əl çəkir. Belə nəticəyə gəlirəm: Sənətkar olmamağımız üçün yüzlərlə səbəb deyil, bircə özümüzün olmalı olduğumuz səbəbi bizi sənətkar edir. Ola bilməmək səbəblərimiz önəmli deyil. Sənətkarların çoxu ancaq bu bircə səbəbdən sənətkar olublar. İndicə içimizdəki şeytana qarşı çıxıb sənətimizə başlamağın vaxtıdır. Düşmənlərimiz də bu anda ortaya çıxır. Çoxu valideynlərimiz cildinə girirlər. (Gülüş) Ya da həyat yoldaşımızın cildinə. Onlar sizin ailəniz, həyat yoldaşınız deyil. Onlar şeytanlardır. (Gülüş) Qısa müddətlik göydən yerə eniblər ki, bizi incəsənətlə məşğul olmaqdan yayındırsınlar. Onların sehrli sualları var. Biz "Aktyorluğu öyrənmək istəyirəm, teatr məktəbinə yazılmaq istəyirəm," yaxud "İtalyan mahnıları öyrənmək istəyirəm."deyəndə "Hə, teatr? Onunla neyləyəcəksən ki?" sualını verirlər. Bu "Onunla neyləyəcəksən ki?" sehrli sualıdır. Ancaq incəsənət nəsə etmək üçün edilən bir şey deyil. İncəsənət maraqdan yaranır. O bizim ruhumuzu azad edib, xoşbəxt yaşamağımıza gətirib çıxarır. İçki və narkotik maddəsiz xoşbəxt olub, özümüzü ifadə etməyimizə kömək edir. Buna görə də, praqmatik insanların bu sualına aydın cavab vermək lazımdır. "Xoşuma gəldiyi, maraqlı olduğuna görə edirəm. Bağışla ki, maraqlanıram." "Mən birinci başlayacam." deməyi bacaran insan olmaq lazımdır. Mənim arzuladığım gələcək, hamının ən azından bircə sahədə yaradıcı olacağı bir gələcəkdir. Nyu Yorkda taksiyə minmişdim. Arxa oturacaqda oturmuşdum. Taksinin ön oturacağında teatrla bağlı nə isə yazı asılmışdı. Nə olduğunu soruşdum. Sürücü, öz profilimdir - dedi. "Sən nəçisən ki?" sualıma, aktyoram - deyə cavab verdi. Sürücü olsa da teatrda aktyorluq edirdi. "Hansı rolu oynayırsan?" soruşanda fəxrlə "Kral Lir." deyə cavab verdi. "Kral Lir" "Kim deyə bilər ki, mən kiməm?" Kral Lir pyesindən məşhur cümlədir. Mən də belə dünya arzulayıram. Kimsə günorta qolfla məşğuldur, gecələrisə yazıçıdır. Yaxud həm taksiçi, həm aktyordur, həm bank işçisi, həm rəssamdır. Gizli ya açıq-aşkar, öz sənətləri ilə məşğuldurlar. 1990-ci ildə modern rəqs əfsanəsi Marta Qraham Koreyaya gəldi. 90 yaşlarındakı böyük sənətkar Kimpo Hava limanına çatanda, bir jurnalist ona tipik bir sual verdi: "Böyük rəqqas olmaq üçün nə etmək lazımdır? Koreyalı rəqqaslara məsləhətiniz nədir?" Şəklin çəkildiyi 48-ci ildə artıq dahi sənətkar sayılan şəxsə 90-ci ildə belə bir sual verdi. O da belə cavab verdi: "Just do it."[Sadəcə et.](Gülüş) Təsirli cavab idi. Bu üç sözü deyib, gəliş zalını tərk etdi. İndi bizə lazım olan nədir? Elə bu dəqiqə incəsənətlə məşğul olmaq. Necə? Just do it. Çox sağ olun. (Alqış)