Mən balaca olanda
ölkəmin ən yaxşı yer olduğunu
düşünmüşdüm.
Və "Həsəd aparılası bir şey yoxdu"
adlı mahnını oxuyaraq böyüdüm.
Fəxr edirdim.
Məktdəbdə, Kim İl Sen'in tarixini
öyrənərək çox vaxt xərclədik,
amma xarici dünya haqqında
heç bir zaman çox bir şey öyrənmədik.
Amerika, Cənubi Koreya,
Yaponiyanın düşmən olması xaric.
Xarici dünya ilə tez-tez maraqlanmağıma baxmayaraq,
bütün həyatımı Şimali Koreyada
keçirəcəyimi düşünmüşdüm,
hər şey qəfildən dəyişənə qədər.
İlk ictimai qətl hadisəsini görəndə
7 yaşındaydım,
amma Şimali Koreyadakı həyatımın
normal olduğunu düşünmüşdüm.
Ailəm kasıb deyildi,
və mən heç vaxt qıtlıq çəkməmişdim.
Amma bir gün, 1995-ci ildə, anam evə iş yoldaşının
bacısından aldığı məktubu gətirdi.
Belə deyirdi,
"Bunu oxuyanda ailəmizin
5 nəfər üzvünün heç biri
bu dünyada olmayacaq,
çünki, son 2 həftədir ki,
heç bir şey yeməmişik.
Biz yerdə birlikdə uzanmışıq,
və bədənlərimiz o qədər zəifdi ki,
ölməyə hazırıq."
Mən çox sarsılmışdım.
Ölkəmdəki insanların əzab çəkdiyini
ilk dəfə idi ki, eşidirdim
Bir müddət sonra
qatar stansiyasından keçəndə
indi də yaddaşımdan silə bilmədiyim
dəhşətli bir şey gördüm.
Cansız bir qadın qollarında
sadəcə aciz şəkildə anasının üzünə baxan,
bir dəri, bir sümük qalmış uşağıyla
yerdə uzanmışdı.
Amma heç kim onlara kömək etmirdi,
çünki hər kəs özlərinin və ailələrinin
qeydinə qalmağı düşünürdü.
1990-cı illərin ortasında
böyük bir aclıq Şimali Koreyaya zərbə vurdu.
Nəticədə 1 milyondan çox Şimali Koreyalı
acından öldü və bir çoxu da
ancaq ot, həşərat və ağac qabığı
yeməklə həyatda qaldı.
Elektriklərin kəsilməsi də daha
tez-tez hiss olunmağa başlamışdı,
buna görə də gecələr
ətrafımdakı hər şey
tamamilə qaranlıq olurdu,
evimin qarşısındakı çayın
qarşı sahilində olan
Çinin işıqlar dənizindən başqa.
Hər zaman niyə onların işığı var,
bizdə isə yoxdu deyə düşünərdim.
Bu Şimali Koreyanı qonşuları ilə müqayisəsini göstərən
gecə vaxtı peykdən çəkilmiş şəkildir
Bu, Şimali Koreya ilə Çin arasındakı
sərhədin bir hissəsi olan
Amrok çayıdır.
Gördüyünüz kimi çay
müəyyən nöqtələrdə çox dar ola bilir,
Şimali Koreyalıların gizlicə
qarşıya keçməsinə imkan verir.
Amma çoxu ölür.
Bəzən ölü bədənləri çayın üzərində üzərkən görürdüm.
Şimali Koreyanı necə tərk etməyimə dair
bir çox detalı açıqlaya bilmirəm,
ancaq onu deyə bilərəm ki,
bu dəhşətli qıtlıq günlərində
uzaq qohumlarımla Çində yaşamağa göndərildim.
Yalnız qısa bir dövr üçün
ailəmdəm uzaq qalacağımı düşünmüşdüm.
Heç vaxt təsəvvür etməzdim ki,
qovuşmağımız 14 il sonra baş verəcək.
Çində ailəsiz bir gənc qız kimi
yaşamaq çox çətin idi.
Şimali Koreyalı bir qaçqın kimi
yaşamağın necə olacağı barədə heç bir fikrim yox idi,
amma tezliklə bunun təkcə çətin yox,
eyni zamanda təhlükəli olduğunu öyrəndim,
çünki, Şimali Koreyalı qaçqınlar
Çində qanunsuz miqrant hesab edilir.
Buna görə də kimliyim ortaya çıxa bilər deyə
daimi qorxu içində yaşayırdım,
və yenidən Şimali Koreyadakı
dəhşətli taleyimə geri göndərilə bilərdim.
Çin polisi tərəfindən tutulduğum gün
qorxulu yuxum gerçəyə çevrildi
və mən sorğu-sual üçün
polis bölməsinə gətirildim.
Birisi məni Şimali Koreyalı
olmaqda günahlandırmışdı,
buna görə də Çin dilindəki bilgimi yoxladılar
və mənə çoxlu suallar verdilər.
Çox qorxmuşdum,
ürəyimin partlayacağını düşünürdüm.
Hər hansı bir şey haqda şübhə yaransaydı,
həbs oluna və ölkəmə geri göndərilə bilərdim.
Həyatımın bitdiyini düşünürdüm,
amma bütün emosiyalarımı daxilimdə saxlamağı
və suallara cavab verməyi bacardım.
Dindirmə bitdikdən sonra
bir polis işçisi o birinə
"Yanlış məlumat idi.
O Şimali Koreyalı deyil" dedi.
Və onlar mənə getməyə icazə verdilər.
Bu möcüzə idi.
Çindəki bəzi Şimali Koreyalılar
xarici səfirliklərdə
özlərinə sığınacaq axtarırlar,
amma çoxu Çin polisi tərəfindən tutula
və öz ölkələrinə geri göndərilə bilədilər.
Bu qızlar çox şanslı idilər.
Tutulmaqlarına baxmayaraq,
beynəlxalq ictimaiyyətin ağır təzyiqləri nəticəsində
nəhayət azad olundular.
Bu Şimali Koreyalılar isə o qədər də şanslı deyildilər.
Hər il saysız-hesabsız Şimali Koreyalı Çində tutulur
və Şimali Koreyaya geri göndərilir,
orda da işgəncələr görür, həbs olunur
və ya ictimai qətl qurbanı olurlar.
Baxmayaraq ki, qaça bildiyimçün mən çox şanslı idim,
bir çox Şimali Koreyalı bu qədər şanslı olmamışdı.
Şimali Koreyalıların
öz kimliklərini gizlətmə məcburiyyətləri
və sadəcə həyatda qalmaq üçün
bu qədər mübarizə aparmaqları faciəli bir şeydir.
Yeni bir dil öyrənib, iş əldə etdikdən sonra da
bütün həyatları bir andaca alt-üst edilə bilərdi.
Bununçün də 10 il kimliyimi gizlətdikdən sonra
Cənubi Koreyaya getmək riskini gözə aldım
və təzədən yeni bir həyata başladım.
Cənubi Koreyada məskunlaşmaq, yerləşmək
gözlədiyimdən çox daha çətin idi.
İngilis dili Cənubi Koreyada çox vacib idi,
buna görə də 3-cü dilimi öyrənməyə başlamalıydım.
Bundan əlavə Şimali və Cənubi Koreya arasında
böyük bir fərq olduğunu anladım.
Hamımız Koreyalı idik,
amma 67 illik parçalanmadan, bölünmədən sonra
daxilən çox fərqli olmuşduq.
Hətta kimlik böhranı yaşadım.
Cənubi Koreyalıyam yoxsa Şimali Koreyalı?
Mən haralıyam? Kiməm?
Birdən-birə mənim deyə biləcəyim
bir ölkə yox idi.
Cənubi Koreyadakı həyata öyrəşmək ağır olsa da
plan qurdum.
Universitetin qəbul imtahanlarına
hazırlaşmağa başladım.
Yeni həyatıma təzəcə alışmağa başlayırdım ki,
telefon həyəcanlı şəkildə zəngi çaldı.
Şimali Koreya rəsmiləri
ailəmə göndərdiyim pulu ələ keçirmişdilər,
və cəza kimi də ailəmi
məcburi şəkildə şəhər kənarındakı
quraq əraziyə sürgün edəcəkdilər.
Ordan tezliklə çıxmalı idilər,
beləliklə onları necə xilas etmək barədə planlara başladım.
Şimali Koreyalılar azadlıq yolunda
böyük məsafələr qət etməliydilər.
Şimali Koreya ilə Cənubi Koreya
arasındakı sərhədi keçmək
demək olar ki imkansızdı.
Qəribə də olsa, bununçün, təyyarə ilə Çinə,
ordan da Şimali Koreya sərhədinə doğru yola düşdüm.
Ailəm Çin dilində danışa bilmədiyi üçün
onlara mən bələdçilik etməli oldumş
2000 mildən çox Çində,
sonra isə Cənub Şərqi Asiyaya doğru.
Avtobusla səyahət bir həftə çəkdi,
və bir neçə dəfə demək olar ki, tutulurduq.
Bir dəfə Çinli bir polis işçisi
avtobusu saxladı və mindi.
Hər kəsin şəxsiyyət vəsiqəsini aldı
və onlara suallar verməyə başladı.
Ailəm Çin dilində başa düşmədiyi üçün
onların həbs olunacağını düşünürdüm.
Çinli polis ailəmə yaxınlaşan kimi
düşünmədən ayağa qalxdım və
bunlar kar və lal insanlardı dedim,
buna görə onları mən müşayiət edirəm.
Şübhəli şəkildə mənə baxdı,
amma xoşbəxtlikdən mənə inandı.
Laosla sərhədə qədər
bunu bütün yol boyu etdik,
lakin, təqribən bütün pulumu
Laosdakı sərhəd gözətçilərinə
rüşvət verməyə xərclədim.
Bütün bunlara baxmayaraq,
sərhədi keçdikdən sonra belə
qanunsuz keçdiyimizə görə
ailəm tutuldu və həbs edildi.
Cəriməni və rüşvəti ödədikdən 1 ay sonra
ailəm sərbəst buraxıldı,
amma qısa müddət sonra Laosun paytaxtında
ailəm yenidən tutuldu və həbs olundu.
Bu həyatımdakı ən pis hadisələrdən biri idi.
Ailəmi azadlığa çıxarmaq üçün hər şeyi etdim,
çox yaxınlaşmışdıq,
amma ailəm Cənubi Koreya səfirliyindən
qısa məsafədəki həbsə atılmışdı.
Ailəmin sərbəst buraxılması üçün
miqrasiya idarəsi və polis bölməsi arasında
ümidsizcə gedib-gəlirdim,
amma cəriməni və ya rüşvəti ödəmək üçün
lazımi qədər pulum artıq yox idi.
Bütün ümidlərimi itirmişdim.
Elə bu anda hansısa kişinin mənə səsləndiyini eşitdim,
"Problem nədir?"
Heç tanımadığım birinin
mənimlə maraqlanmağına çox təəccübləndim.
Zəif İngilis dilim və lüğətin köməyilə
vəziyyəti izah etdim,
və kişi tərəddüd etmədən bankomata doğru getdi.
Ailəmin və daha 2 Şimali Koreyalının
həbsdən qurtulması üçün qalan pulu ödədi.
Bütün qəlbimlə ona təşəkkür etdim və soruşdum,
"Niyə mənə kömək edirsiz?"
"Mən sənə kömək etmirəm" dedi.
"Şimali Koreyalı insanlara yardım edirəm."
Həmin vaxtın həyatımın simvolik
anı olduğunu başa düşdüm.
Bu yad mehriban adam mənim və Şimali Koreyalıların
ən çox ehtiyacı olduğu andakı ümidi təmsil etmişdi.
O, mənə yadların mərhəmətinin
və beynəlxalq ictimaiyyətin dəstəyinin həqiqətən də
bizim - Şimali Koreyalıların ehtiyacı duyduğu
ümid işığı olduğunu göstərmişdi
Sonunda uzun bir səfərdən sonra
mən və ailəm Cənubi Koreyada
yenidən bir araya gəldik,
amma azad olmaq bu döyüşün yalnız yarısıdır.
Bir çox Şimali Koreyalı ailəsindən uzaqlaşdırılır,
və yeni ölkəyə gəlib çatdıqda
həyatlarına çox az pulla və ya pulsuz başlayırlar.
Buna görə də təhsil, İngilis dili tədrisi, peşə təlimi
və dahası üçün
beynəlxalq ictimaiyyətdən yardım ala bilərik.
Həmçinin Şimali Koreyadakı
və xarici dünyadakı insanlar arasında
körpü rolunu da oynaya bilərik,
çünki çoxumuz hələ də orda olan
ailə üzvlərimizlə əlaqə saxlayır.
Şimali Koreyanı daxildən dəyişə bilmək üçün
məlumat və pul göndəririk.
Həyatımda bu qədər kömək
və ilham aldığım üçün çox şanslı olmuşam.
Bunun üçün də beynəlxalq dəstəyin köməyilə
uğura can atan Şimali Koreyalılara
buna çatmaq üçün şans verməklə
kömək etmək istəyirəm.
Əminəm ki, TED səhnəsi də daxil olmaqla
bütün dünyada daha da çox Şimali Koreyalıların
məqsədlərinə çatmaqlarını görəcəksiz.
Təşəkkürlər.
(Alqışlar)