Bütün həyatımı ya məktəbdə, ya məktəbə gedən yolda, ya da məktəbdə baş verənlər haqda danışaraq keçirmişəm. Valideynlərimin hər ikisi maarifçi olub, ana tərəfdən nənəm və babam maarifçi olublar, və mən də son 40 il ərzində eyni şeyi eləmişəm. Və, təbii ki, bütün bu illər ərzində təhsil islahatlarına müxtəlif bucaqlardan baxma imkanım olub. Bəziləri yaxşı nəticələr verib, Digərləri o qədər də yaxşı alınmayıb. Və biz bilirik niyə uşaqlarımızın məktəbi yarımçıq qoyduğunu. Niyə öyrənmədiklərini bilirik. Ya kasıblıqdan, ya davamsızlıqdan, ya da ətrafdakı yaşıdların mənfi təsirindən. Niyəsini bilirik. Ancaq heç haqqında danışmadığımız, ya da nadirən danışdığımız şeylərdən biri insani yaxınlıq və bağlara verməli olduğumuz dəyər və önəmdir. Ceyms Komer deyib ki, heç bir tutarlı öyrənmə tutarlı bir yaxınlığın yoxluğunda baş verə bilməz. Corc Vaşinqton Karver isə, bütün öyrənmənin insani bağları anlamaqdan keçdiyini deyir. Bu zaldakı hər bir kəs bir müəllim və ya bir böyük tərəfindən təsir görmüşdür. Mən, illər boyu, təhsil prosesindəki fərdləri izləmişəm. Neçə ən yaxşılarını görmüş və bir neçə bərbad olanlarına da şahid olmuşam. Bir həmkarım günün birində mənə dedi ki: "Mənə maaşı uşaqları bəyənməyim üçün vermirlər. Verirlər ki, dərsimi keçim. Uşaqlar öyrənsinlər. Mən öyrətməliyəm. Onlar öyrənməlidirlər. Vəssalam." Deməli, qayıdıb dedim ki ona: "Bilirsən, uşaqlar xoşları gəlməyən adamlardan bir şey öyrənməzlər." (Gülüş) (Alqış) Dedi: "Əşi, cəfəngiyyatdır." Mən də dedim ki: "Onda, əzizim, səni qarşıda çətin və gərgin bir il gözləyir." Aydın məsələydi. Bəziləri düşünür ki, yaxınlıq qura bilmək təbii bacarığı ya içində var ya da yoxdur. Məncə, Stefan Kovey haqlı deyib. Deyir ki, həyatda hərdən bir sıra bəsit şeylərə də yer ayırmaq lazımdır, ilk öncə anlaşılmağa deyil, anlamağa çalışmaq kimi, üzr istəmək kimi sadə şeylərə. Düşündünüzmü heç bu haqda? Bir uşaqdan üzr istəyin, məəttəl qalacaq. Bir dəfə, nisbət bəhsindən bir dərs deyirdim. Riyaziyyatla aram elə də yaxşı olmasa da, üzərimdə çalışırdım. Sonra qayıdıb müəllim kitabçasına baxanda gördüm ki, bütün dərsi səhv başa salmışam. (Gülüş) Sonra növbəti gün sinfə gəldim və dedim ki, "Uşaqlar, baxın, üzr istəməliyəm. Bütün dərsi səhv başa salmışam. Bağışlayın." Dedilər: "Eybi yox, Xanım Pierson, Elə həvəslə başa salırdınız ki, biz də bir şey deyə bilmədik." (Gülüş) (Alqış) Akademik cəhətdən elə zəif siniflərim olub ki, özümü tuta bilməyib ağlamışam. Bu qrupu doqquz ay içərisində olduqları yerdən olmalı olduqları yerə necə aparacağam deyə elə hey düşünmüşəm. Müşkül məsələydi. Həqiqətən çətin olurdu. Bir uşağın mənlik anlayışını və, eyni zamanda, akademik nailiyyətini necə artıra bilərəm? İlin birində, parlaq bir fikir gəldi ağlıma. Bütün şagirdlərimə dedim ki: "Siz mənim sinfimdə olmaq üçün seçilmişlərsiniz, çünki mən ən yaxşı müəlliməm, sizsə ən yaxşı şagirdlərsiniz, və bizim hamımızı bir araya gətiriblər ki, bütün başqa hamıya bunu necə bacardığımızı göstərə bilək." Şagirdlərdən biri qayıdıb: "Doğrudan?" - deyə soruşdu. (Gülüş) "Bəli. Doğrudan." - dedim, - "Biz başqa siniflərə örnək olmalıyıq. Elə ki, biz dəhlizdən keçərkən hamı bizə diqqət yetirsin. Yəni, səs sala bilməzsiniz. Sakit və farağat yeriməlisiniz." Və bu sözləri qulaqlarında sırğa etmələrini istədim: "Mən bir fərdəm. Bura gələndə bir fərd idim. Burdan daha yaxşı bir fərd olaraq çıxacağam. Güclü və qüvvətliyəm. Burda aldığım təhsil haqqımdır. Görəcək işlərim var, təsirləndirəcək insanlar, gəzməyə yerlər var qarşımda." "Bəli!" - deyə cavab verdilər. Nəyisə çox təkrarlayanda, sözlər artıq bir parçan olmağa başlayır. Beləliklə, - (Alqış) 20 sualdan ibarət bir test hazırladım. Bir şagird 18-ni səhv etdi. Mən də vərəqinə "+2" qoydum, yanında böyük bir gülər üz. Dedi ki: "Xanım Pierson, "F" almışam?" Dedim: "Bəli." Dedi: "Bəs bu gülüş işarəsini niyə qoymusunuz?" Dedim: "Çünki hələ öyrənirsən. İkisini ki düz yazmısan. Hamısını buraxmamısan." "Bu bəhsi təkrarlayanda, daha yaxşı yaza bilməzsənmi?" - dedim, Dedi: "Bəli, müəllimə, daha yaxşı eləyə bilərəm." Gördünüzmü, "-18" bütün həyat eşqinizi öldürür. "+2" amma: "O qədər də pis deyil ki." - deyir. (Gülüş) (Alqış) İllər boyunca, anamın tənəffüs vaxtında şagird işlərini gözdən keçirdiyinin, günorta valideynləri ziyarətə evlərinə getdiyinin, daraq, fırça, və yeməyə ehtiyacı olan uşaqlar üçün fıstıq əzməsi və peçenye alıb siyirməsinə qoyduğunun, və yaxşı qoxumayan uşaqlar üçün əsgi və sabun aldığının şahidi olmuşam. Bilirsiniz ki, qoxusu gələn uşaqlara dərs demək asan iş deyil. Və uşaqlar da insafsız ola bilirlər. Ona görə də, bu şeyləri masasında hazır tuturdu, və illər sonra, təqaüdə çıxandan sonra, o uşaqlardan bəzilərinin gəlib ona: "Bilirsinizmi, xanım Volker, siz mənim həyatımı dəyişdirdiniz, Mənim yoluma işıq saldınız. Heç bir kimsə olmadığımı bildiyim vaxtlarda belə, bir fərd kimi hiss etdirdiniz siz mənə. Və indi, sadəcə, kim olduğumu görmənizi istəyirəm." - - dediklərinin şahidi oldum. Və anam iki il əvvəl 92 yaşında vəfat edəndə, dəfnində o qədər köhnə şagirdləri vardı ki, köçüb getdiyi üçün deyil, sadəcə geridə heç bir zaman itməyəcək böyük bir bağ buraxdığı üçün gözlərim yaşla doldu. Daha artıq bağlar qura bilərikmi? Əlbəttə. Şagirlərinizin hamısını sevəcəksinizmi? Təbii ki, yox. Və də bilirsiniz ki, ən dələduz uşaqlar heç dərs buraxmazlar. (Gülüş) Heç vaxt. Hamısını sevməyəcəksiniz, və o nadinc olanları həmişə dərsə gətirən bir səbəb var. Bu, bağdır. Qayğıdır.Yaxınlıqdır. Və ən əsası, siz hamısını sevməsəniz belə, onlar bunu heç bir zaman sezməyəcəklər. Yəni, müəllimlər aktyor və aktrisalar cildinə girirlər, və heç kefimiz yoxkən belə dərsə gəlirik, mənasız yerə olsa da, təlimatları dinləyirik, və yenə də öyrədirik. Yenə də öyrədirik, çünki bizim işimiz budur. Öyrətmə və öyrənmə əyləncəyə bağlanmalıdır. Risk almaqdan qorxmayan, düşünməkdən çəkinməyən, və bir qəhrəmanı olan uşaqlarımız olsaydı nə qədər güclü bir dünyamız olardı! Hər bir uşağın haqqıdır bir qəhrəmanının olması; onlardan heç ümidini üzməyəcək, yaxınlığın gücünü və dəyərini anlayan, və ola biləcəklərinin ən yaxşısı olmalarına onları sövq edən bir böyük. Çətindirmi bu iş? Həm də necə. Həm də necə, Allahım. Ancaq mümkünsüz də deyil. Biz bunu bacararıq. Biz maarifçilərik. Fərq yaratmaq üçün doğulmuşlarıq biz. Çox təşəkkür edirəm. (Alqış)